Beynəlxalq Əlillər Günü münasibətilə “Uğurumu özüm qazandım” layihəsinin təqdimatı və sahibkarların əl işlərindən ibarət satış yarmarkası keçirilib.
Beynəlxalq Əlillər Günü münasibətilə “Uğurumu özüm qazandım” layihəsinin təqdimatı və sahibkarların əl işlərindən ibarət satış yarmarkası keçirilib.
Gələcək Naminə İctimai Birliyi, Ucar-Zərdab KOB İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, “Uğurumu özüm qazandım” layihəsinin məqsədi sosial həssas kateqoriyaya aid olan sahibkarların əl işlərinin sərgisini təşkil etmək və satışına dəstək göstərməkdir.
6 ay davam edəcək layihə çərçivəsində layihədə iştirak edən şəxslərin sahibkarlıq subyektlərinə çevrilməsi üçün müvafiq təlim, məsləhət və əlaqələndirmə xidmətləri göstəriləcəkdir.
Yarmarkada 9 rayon və şəhərdən (Ucar, Zərdab, Yevlax, Ağdam, Mingəçevir, Bərdə, Gəncə, İmişli, Bakı) əlilliyi olan şəxslər və aztəminatlı ailələr tərəfindən hazırlanmış müxtəlif əl işləri və digər məhsullar nümayiş olunub. Yarmarkada sərgilənən məhsulların 65%-i tədbir çərçivəsində satılıb və iştirakçılardan yeni sifarişlər qəbul olunub.
Əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işlərinin və digər məhsulların satışına dəstək məqsədilə “İnstagram” səhifəsi (“Uğurumu özüm qazandım”) və layihə iştirakçılarının sosiallaşması və dəstək tədbirlərindən məlumatlı olmaları üçün “Telegram” kanalı yaradılıb və tədbir çərçivəsində təqdim edilib.
Tədbirdə həmçinin, KOBİA, Ailə Biznesinə Asan Dəstək (ABAD), Təhsildə Keyfiyyətin Təminatı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, ”Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyi, “Əlil Qadınlar” Cəmiyyəti, “Fərəh” İctimai Birliyi, “Cığır” İctimai Birliyinin nümayəndələri əlilliyi olan şəxslərə göstərilən dəstək tədbirləri və layihələr haqqında məlumat veriblər.





